ZARA VƏ KERNING

Keçən ayın qalmaqallı dizayn xəbərlərindən biri də İspaniyanın geyim brendi – Zara’nın yeni loqosu oldu. Beləki “yeni loqo əvvəlki loqonun daha sıx yazılmış halıdır” damğası ilə çox qınaq nöqtəsi oldu. Amma bir də gəlin birlikdə incələyək görək Zara loqosuna tam olaraq nə edib?

Görünən odur ki, Burberry’nin yeni loqosu (bu barədə olan məqaləmizi buradan oxuya bilərsiniz) onlara ilham qaynağı olub və onlarda yenilikçi nəsə etmək istəyiblər. Yeni loqonu fransız dizayn studiosu “Baron & Baron” edib. Loqoya nəzər salsaq loqonun əvvəlki loqo ilə əlaqəsiz olduğunu, dizayner olmasa da gözü iti olan bir şəxs dərhal deyə bilər. İkisinin də serif tipli yazı tipinə malik olması “eynidir” anlamına gəlmir. Yeni yazı tipi daha çox dəbdəbəlidir desək yalan olmaz. Amma loqoya tətbiq edilən bir sistem onu gözəlləşdirmək əvəzinə daha da qarışıq bir hala salıb. Bu sistem “kerning” adlanır. Kerning hərflər arasındakı məsafəni nizamlama prosesidir. Bu prosesi istər avtomatik şəkildə istərsə də əllə edə bilərsiniz. Kerning daha çox hərfləri arasında mütənasiblik olmayan fontlarda edilir ki, müəyyən bir düzgünlük və qayda-qanun yaransın.

Niyəsə “Baron & Baron” bunu biraz tərs effektlə və “şişirdərək” edib. Bu arada qeyd etməliyik ki, yeni yazı tipi “Baron & Baron” dizayn studiosunun qurucusu Fabien Baron’un imzasın daşıyan yazı tipidir. “Z” və “R” hərflərinə verilmiş əlavə qıvrımlar yazı tipini əslindən fərqləndirir. Korporativ kimlikdə isə daha çox vizuallar (yüksək şəkildə işlənilmiş, işığı, rəng çalarları düzgün seçilmiş) istifadə olunur amma ara-ara loqonun hərflərini istifadə edərək bir konsept də yaradıldığının şahidi oluruq. 

Bir çox tipoqraflar təcrübələri arasında gördükləri “ən pis” yazı tipi olduğunu söyləyirlər. Təəssüf ki, elədir “Baron & Baron” kerning’i düzgün nizamlasa idi bəlki də bu qədər danışılmayacaq, gündəmdə olmayacaqdı işin bir də marketinq hissəsi var. Elə və ya belə bizcə Zara idarəçiləri biraz qərarda tələsiblər. Necəki Burberry rebrendinq edən zaman idarəçilərin təlaşı var idi, amma qarşı tərəfdə də Peter Saville kimi onlara vəziyyəti aydınlaşdıran bir dahi var idi.