PLAGİAT VS OXŞARLIQ!

“Don’t try to be original. Just try to be good. / Orijinal olmağa çalışmayın. Sadəcə yaxşı olmağa çalışın”
Paul Rand
Art Director

Bu arada tanımayanlar üçün Paul Rand IBM, NEXT computers, English First, Dunhill, American Broadcasting Company kimi marka loqolarının yaradıcısı, tanınmış art director və qrafik dizaynerdir. İndi isə qayıdaq onun sözlərinə və mövzumuza. Orijinallıq və plagiat nədir ümumiyyətlə? Orijinallıq aid olduğu sahədə bir işi digər işlərdən özünəməxsusluğu ilə fərqləndirən xüsusiyyətdir. Bundan əlavə olaraq orijinallıq başqa bir işin kopyası olmadığının və ya başqa bir ideyaya əsaslanmadığının da göstəricisidir. Plagiat isə bunun tam əksi olaraq işin oğurlanması və ya dəyişdirilərək istifadəsi, ya da öz adından təqdim edilməsidir. Bir məqam da varki, bir çox insan plagiat məsələsində bəzi terminləri qarışdırır. Misal olaraq qırmızı dairə içərisinə bir hərf yazsanız “beats audio-nun loqosudur ki, lap…” , ya da qırmızı bir shape (kəsim) içərisində bir yazı olsa “supreme? elə deyil? rebrendinq edirsən onlar üçün?” kimi fikirlərlə qarşılaşacaqsınız. Amma burada nəzərdən qaçan bir amil var – üslub. Misal olaraq Pinterest, Vodofone, Beats Audio, Target kimi brendlərin loqoları qırmızı shape’in daxilində yerləşir. Buna isə nə plagiat, nə də oxşarlıq demək olar. Çünki bütün bu loqolar shape stilindədir. Onları birləşdirən ortaq cəhət isə dairələrdir. Dairəyə yüklənmiş anlamlardır. Çünki dairələr azad hərəkətetmə xüsusiyyəti daşıyır. İstər daxilən, istər xaricən. Bundan əlavə olaraq kəskin hissəsi olmadığı üçün soft (yumşaqlıq) hissi verir. İstifadəsi və korperativ kimliyin yaradılmasında çox sayda variasiyalar etmək olar və.s. Tərz, üslub bunlar bir-birinə oxşar dizaynlara zəmin yaratsa da onlara heç zaman plagiat demək olmaz. Ümumiyyətlə plagiatçılığın və orijinallığın müəyyən olunmuş standartı yoxdur. Hər ölkənin və ya beynəlxalq hüquqlara əsaslanır. Amma yenə də Siz son bir dəfə Google’dan check edin =) Bir də məsələnin zamanlama hissəsi var ki, Siz loqonu və ya dizaynı edərkən başqa biri də Sizinlə birgə eyni şeyi yarada bilər. Bu zaman artıq ediləcək bir şey yoxdur. Necəki tarixdə eyni bir teorimi və ya kəşfi etmiş bir neçə insan varsa burada da məsələ həmçinin eynidir. Sadəcə əgər dizayn qlobaldırsa və ya həddindən artıq ciddi bir layihədirsə patentin alın və rahat olun. Bu qədər sadə.

Bir nümunə kimi Beats Audio’nun loqosu Boffi Square şirkətin loqosu ilə demək olar eynidir. Birincisi Boffi Square’in loqosu 1960-cı ildə yaradılıb, ola bilər şirkət loqo üçün patent almayıb. İkinci bir məsələ isə yenə də qayıdırıq oxşarlıq söhbətinə. Loqolar oxşardır tam eyni deyil. “B” hərfinin uzunluğu, aid olduğu shape, çevrə qalınlığı və birləşmə dərəcəsi tamamilə fərqlidir. Günahın alıb deyə bilmərik plagiat ediblər. Çünki Beats Audio-nun əsaslandığı konsept qulaqcıqların taxıldığı zaman verdiyi görüntünü əks etdirir. Amma bəzən bu kiçik dəyişikliklər də Sizi xilas edə bilmir, necəki Tokyo 2020 Olimpiya oyunlarının loqosunda olduğu kimi. Təklif edilmiş və hazırlanmış loqo “oxşar” çıxınca dizaynerlər bu məsələni qabartdı və sonunda loqonun dəyişdirilməsi ilə nəticələndi.

Dizayn edərkən Sizə aid bir stilin olması Sizi həm brend etməyə həm də müəyyən dərəcə də orijinallığı saxlamağınıza kömək edəcəkdir. Tövsiyəmiz oxşarı belə olsa bu cür dizaynlardan qaçmaqdır. Yeni, sıfır bir ideyanın yaradılması nə dərəcədə çətin olsa belə, mümkünsüz deyildir. Bəlki də Art. Lebedev’in işlərinə bu qədər təəccüblənmək lazım deyildi. Yaxşı-pis adamlar orijinal işlər edir…
0