PAULA SCHER

“Bunu çəkmək mənim bir neçə saniyəmi alır, amma bir neçə saniyə ərzində necə çəkiləcəyini öyrənməyim isə 34 ilimi aldı”

Yuxarıdakı sitatın sahibi məşhur amerikalı və səhifəmizdə məqaləsi olan ilk xanım qrafik dizaynerdir. Paula haqqında danışılacaq deyiləcək çox söz və ondan alınacaq böyük təcrübələr var. Dizayn təhsilini Tyler School of Art universitetinin bakalavr dərəcəsi ilə alıb. Təbii ki, o universiteti bitirib bir studioda işə başlamadı. Paulanın məşhur olmasında və dünya miqyasında tanınmasının əsas səbəbi Helvetica fontudur. Bəli, bəli… Amma Paula Helvatica fontuna nifrət edirdi. Ona görə Helvetica ən sıxıcı, faşist və sadə font idi. Hətta Helvetica ilə dizayn edilmiş hər şeydən nifrət edirdi. Sevdiyi bir kitabı (Conflict and Creativity) Helvetica fontundan hazırlanmış üzlüyünə görə oxumaqdan imtina etmişdir. Paulanın xəyalı Helvetica ilə dizayn edilməmiş şeyləri dizayn etmək idi. Onun dövrünün dizayn məlumat bazası və kitabları indiki dövrə nisbətən olduqca zəif idi. Bu zaman Paula özündən yeni nəsə kəşf etməyə başladı. Art Nouveau, Deco və ya Victorian ya da başqa fontları kreativ şəkildə birləşdirərək öz dizaynlarında, albom üzlüklərində istifadə etməyə başladı. Victorian fontunu pop artla, Art Nouveau-nu isə başqa bir şeylə, digərini bir digəri ilə qarışdıraraq maraqlı artworklar yaradırdı. CBS Records’da işləyir və musiqi albomları üçün tamamən fərqli bir şeylər edirdi.

Bir müddət sonra 70’ci illərdə onun bu dizaynları dünya miqyasında tanınmağa və mükafat qazanmağa başladı. Və bu məşhurluq özü ilə birgə yeni işlər gətirməyə başladı. Misal olaraq, The Public Theatre. Teatrın işləri olduqca standart və artıq bayağı idi yeni rəhbərlik necəsə yeni bir “nəfəs” istəyirdi. Paula isə bu yenilik üçün ideal dizayner idi. Paula qeyd edirdi ki, onların hətta loqoları belə yox idi. Tezliklə Paula teatr üçün yeni bir loqo hazır etdi və ən kiçik dizaynlara qədər hər şeyi özü düşündü. Yeni posterlər dövrü olduqca qabaqlayırdı. Yeni dizayn stili tezliklə New-York şəhərində sevilməyə başladı amma sevilən işlərin ortaq bir aqibəti var – oxşarlarının peyda olması. Bu zaman Paula hər sezon yeni işlər ortaya qoymağa başladı amma ilk iki ildəki dizaynlar qədər uğurlu olmadı.

Bu işlər Paulaya marağı artırdı. Bir teatrın (2000-ci ildə) interior (obyektin daxili memari dizaynı) dizaynında bu “tipoqrafik oyunu” etməklərini istədilər. O isə heç zaman belə bir iş görməmişdi istər zaman müddəti (bir neçə il) istərsə də danışılan memari dil ona olduqca yad idi. Amma bir müddət sonra memarlığın və dizaynın kəsişməsini çox sevməyə başladı. “New-Yorklular ayağa baxırlar mən də mərtəbə nömrələri niyə yerdə olmasın dedim? / Aktyorlara kömək yerdən gəlir və onların otaqlarını yerdən başlayan bir yazı tərzində hazırladım (aktyorların əzbərlərini unutduğu məqamlarda səhnənin ön alt hissəsindəki çıxıntılardan verilən ipuçlarını nəzərdə tutur (ing. souffle))”.

Daha sonrasında “Symphony Space” incəsənət məkanının dizaynı ona həvalə olundu. O paslanmayan polad və fiber optik işıqlardan hazırlanmış bir exterior (obyektin xarici memari dizaynı) dizayn hazırlayıb təqdim etdi.

New Jersey-də incəsənət məktəbi Paulaya “100.000$ versək bununla nə edə bilərsən?” deyə sualına Photoshopda biraz cızma-qara etdikdən sonra: “Boyaya bilərik” dedi. Yazılardan və bayraqlardan ibarət bir dizayn ilə binanı çevrələdi, hətta havalandırma borularını belə rənglədilər.

Paulanın dizayn sahəsində narazı olduğu bir məqam var idi, o düşünürdü ki, bir işdə kreativ və dəli olmaq lazımdır amma bir müddət sonra o iş böyük şirkətlərə (ya da brendlərə) çatır və iş ciddi olur, bu isə onun sevmediyi bir şey idi. Necə ki, memari dizaynlarda da belə oldu daha güclü şirkətlər (Bloomberg kimi) və brendlər də bu cür dizaynlar istədi. Bu müddət ərzində Paulanın bir də bir illik “Citibank” dərdi var idi. Şirkət üçün loqo təklifi gəldiyi tədbirdə bir salfetkaya çəkdiyi loqonu qəbul etdirməyə çalışırdı. Onun mənasını izah edən videolar, animasiyalar yaratdılar və bir ilin tamamında şirkət loqonu aldı.

Bu gərgin dövrdə Paula özünü rəsmə yönləndirmişdi. Bir növ meditasiya kimi… Amma fərqli bir şey yaradırdı. Dünya xəritəsində ölkələr üzərində şəhərləri qeyd edirdi. “Bunu xəritə istehsalçıları da edir” deyə bilərsiniz amma Paula onları rəngli və xüsusi bir tipoqrafik dizaynla hazırlayırdı.

Bir müddət sonra isə onun bu xəritələri olduqca məşhur olmağa və satılmağa başladı. Ona yeni-yeni sərgi təklifləri gəlirdi o isə bunu sevmirdi çünki işlər yenə ciddiləşirdi. Əslində Paula olduqca doğru yanaşma edirdi, dizaynerə ya da incəsənətlə məşqul olan birinə məhdudiyyətlər qoymaq, ona “bizim bir korporativ kimliyimiz var” deməklə artıq yaradıcı mərhələni zədələmiş oluruq. Asilik və sərbəstlik ingilislərin sözü olmasın “let the brain flow / beyindən gələn fikir axınına icazə ver” frazasının həyata keçməsini təmin edir. Bunu biz demirik, bunu Paula deyir – Windows 8, The Public Theatre, The Metropolitan Opera, Citibank, TIffany & Co. və.s brendlərin loqolarını yaradan, yüzlərlə beynəlxalq mükafat qazanan, olduqca qeyri-adi işlərə imza atan, dünyanın ən güclü dizayn studiolarından biri olan Pentagram’da ilk dizayn öyrədicisi ünvanını daşıyan biri deyir… və düz də deyir….

Qeyd: Bu arada Netflix üzərindən yayımlanmış “Abstract: The Art Of Design” serialının 6-ci hissəsi Paula Scher’dən bəhs edir. Baxmağa dəyər bir serial və hissədir. 

0