MUSİQİNİN DİZAYN RUHU | URAL MUSIC NIGHT

Əslində uzun müddətdir nəzərimizdə olan, dizaynın təsir etdiyi xüsusi bir sahə var idi – musiqi. Musiqi və dizayn bir-birilə demək olar ki, həddindən artıq yaxındır. Çünki musiqi bir çox mərhələdə dizaynla kəsişir. İstər səhnə dizaynlarında, istər yeni albom üzlüklərində, istər səhnə geyimlərində istərsə də loqo və korporativ kimliyində. Amma xüsusən də loqo və korporativ kimliyə çatanda dünyaca məhşur festivallar və musiqi həftələri arxası doldurulmamış dizaynlarla çıxış edirlər. 

Razıyıq festivala gərək olan səhnədə kimin olacağı və kütlənin hansı şəraitdə əylənəcəkləridir. Amma bir də güclü bir dizayn üslubu olarsa bu musiqi festivalının? Sizcə hər kəsin diqqətin cəlb etməzmi (hətta iştirak etməyənlərin)? Çünki festivala gəlmiş kütlə musiqi şənliyinədək bu cür güclü bir dizayn nümunəsini görməyə və kəşf etməyə yetəcək qədər vaxtı olur. O zaman sözü dolandırmadan “Ural Musiqi Gecəsi”-nə dizayn qapılarımızı açaq.

Ural Music Night – Rusiyada keçirilən ən böyük musiqi tədbiridir. Beləki Ural bölgəsində keçirilən bir gecəlik bu tədbirdə 2000-dən artıq 50 fərqli musiqi janrına aid sənətçi, 100 müxtəlif səhnədə 180.000-dən artıq izləyici qarşısında çıxış edir.

Bəs belə güclü və əzəmətli tədbir üçün necə bir loqo və korporativ kimlik yaratmaq daha doğru olardı? Rusiyanın məhşur dizayn studiolarından biri olan Voskhod yaradıcı həll yolunu musiqi janrlarında və Ural dağlarında görüb. Qeyd etdiyimiz üzrə bu tədbir əsnasında 50-dən çox musiqi janrı musiqi gecəsinə yön verir. Bunu nəzərə alaraq Voskhod da loqonu əlavə olaraq qabarıq şəkildə bilinəcək 8 musiqi janrına uyğunlaşdırıb. Ümumi korporativ kimlik və konsept isə “qatlar”-dan ibarətdir. Misal bir poster ilə qarşılaşırsınız və orada tədbir haqqda ümumi məlumat var, kənardan tədbir təşkilatçılarından biri gəlir və posteri ortadan cırır, bu zaman alt hissədə Siz çıxış olacaq (hər hansı bir janr) məkanı görürsüz (qeyd etdiyimiz kimi 100 müxtəlif səhnə var) və posteri alt qismini də yarısından cırsanız bu zamanı çıxış edəcək sənətçiləri və çıxış saatlarını görürsünüz. Bu arada cırılmış hissələr isə bizə Ural dağlarının formasını xatırladır. Necədir? Olduqca ağıllı və yaradıcı bir həll yoludur, elə deyilmi? Üzünüzdəki təbəssümü görər kimiyik =)

Bütün dərc nümunələri kitabçalar, jurnallar, yaxa nişanları və tanıtım kartları eyni konseptə uyğun hazırlanılıb. Ən maraqlısı isə musiqi gecəsi üçün xüsusi tərtib edilmiş geyimlərdir. İki t-shirt üst-üstə, konseptə və musiqi ruhuna uyğun bir dizayn. Necə deyərlər İkiqat! Bu arada musiqi, xüsusən də hip-hop həvəskarları www.ikiqat.com-a dəvət edirik. İkiqat – seçilmiş, yeni və maraqlı xəbərləri bir araya toplayaraq izləyicilərə ən son məlumatlar toplusunu hazırlayan media portaldır. Reklamımızı da etdiyimizə görə maaşlarımız artıq hesabımızda olmalıdır =)

Əslində loqonu analiz etdiyimizdə olduqca sadə bir sans-serif yazıtipində ibarət olduğunu görürük. Əslində isə bu loqonun arxasında bir yazıtipindən artığı var. Bu loqonun arxasında bir ideya var. Gecənin qaranlığını və əyləncənin rəngarəngliyini özündə ehtiva edən bir ideya.