Musiqi və Dizayn: Albom Üzlükləri

Sizcə musiqi sadəcə dinləmək və hiss etmək üçündür? Bəs gözlərimiz? Onlara da xitab edirmi? Edirsə, hansı səviyyədə? Elə bir dövrdə yaşayırıq ki, dünyanın ən güclü sənətçisi və ya ən yaxşı musiqisi belə tanıtımsız bəlkə də heyf olub gedəcək və bir gün kiminsə gec kəşf edərək uzun müddət bu hisslərdən məhrum olduğuna görə təəssüflənəcək. Məhz bu səbəbdən bir çox keyfiyyətli işlər tanıtımsız kölgədə qalır. Bəzi sənətçilər isə bu tanıtımı qabardır və başqa bir səviyyəyə daşıyır. Bu gün tam da mövzumuzu əhatələyən bir məsələdən – albom üzlüklərindən danışacağıq.

Bir musiqinin dinləyiciyə verdiyi ilk görüntü təsiratı məhz albom üzlükləridir. Musiqinin verdiyi hissi görüntüdə də vermək, dinləyiciyə onu yaşatmaq üçün albom üzlükləri olduqca önəmlidir. Bu – əsərlərdəki şəkillər kimidir. Oxuyucu beynində əsəri canlandırır amma yazar və ya rəssam şəkillərlə bu hissi dəstəkləyir və ikiqat edir. Bir albom üzlüyünün nə dərəcədə önəmli olduğunu bu misalla Sizlərə təsvir edək. Məhşur dizayner Peter Saville’nin Joy Division qrupu üçün hazırladığı “Unknown Pleasures” albom üzlüyü onu dünyaya tanıdan əsas işlərindən biridir. Belə ki, qrupun prodüserləri qarşıdan gələn birinin albom üzlüyünü t-shirt’ə dərc etdirib geyindiyi görür və yaxınlaşıb: “Joy Division’u dinləyirsinizmi?” deyə soruşurlar. Həmin şəxs isə: “Yox, sadəcə dizaynı xoşuma gəlir” deyir. Dizaynı bu qədər ikonik və məhşur edən sadəcə gözəl görünməsi deyildi. Onun dizaynındakı məna idi. Cambridge Universiteti bir neçə teleskopun köməyilə bir ulduzdan siqnal almağa başlayırlar. Bu siqnal alımları ardıcıl olaraq düzüldüyü zaman üzlükdəki kimi bir görüntü yaradır və bilinməyən bir ulduzdan alınan siqnallar düzülüşü “Bilinməyən Zövqlər / Unknown Pleasures” üçün ideal üzlük halını alır.

Öncələri daha minimal məhz məzmunu vurğulayan və ya abstract incəsənət sayılacaq dərəcədəki dizaynlar rol oynayırdı. İllustrasiyalar, gerçək şəkillər (daha çox ifaçının portreti) və ya kiçik vektor dizaynlar və s. Müasir dövrümüzdə isə dizaynlar daha geniş aralıqdadır, onların əvvəlki nəsillərdən fərqləndirici xüsusiyyəti daha çox yaradıcı, düşündürücü və diqqətcəlbedici olmasıdır. Keçmişə “baxış” atan və oradan ilhamlanan dizaynlar da müasir dövrün trendləri arasındadır.

Amma yaradıcı və dahi insanlar üçün keçmişin, indinin önəmi yoxdur, hər zaman öz istedadlarını ortaya qoya bilirlər. Hətta o qədər yaxşı iş çıxarırlar ki, gələcək nəsil onlardan bəhrələnir. Stefan Sagmeister’in David Byrne – “Feelings” albomu üçün hazırladığı üzlük David’in nəznində bizim hisslərimizə vurğu verirdi. Tarixlər 2015-ci ili göstərdiyində isə məhşur hip-hop ifaçısı Travis Scott “Rodeo” albomunun üzlüyündə bu tərz dizaynla çıxış edir. Hətta yetinmir öz oyuncağını 150$ kimi bir məbləğdən satışa çıxarır. Steve Byram’ın etdiyi album üzlüyü (Beastie Boys – Licensed to ill / 1986) isə illər sonra Eminem’in boll dissli “Kamikaze” albomuna ilham qaynağı olur.

Dərin mənası ilə dinləyicilərinə anlam yaşatan üzlüklər də yox deyil. Pink Floyd “Dark side of the moon” albomunun üzlüyü Joy Divisions qədər ikonik və diqqətcəlbedicidir. Beləki qrupun üzvləri dəqiq izah verməyərək, dinləyicilərin düşüncə tərzinə buraxmışdır. Üzlük prizmadan keçən ağ işığın rənglərə bölməsini təsvir edir. Bəlkə də Pink Floyd özünü bəyaz işığa, dinləyiciləridə fərqli rənglərə bənzədirdi. Fərqli düşüncə tərzində olan, fərqli inanca sahib, fərqli yaşayan insanları birləşdirən bir işıq.

Bunlarla yanaşı The Beatles’ın “Sgt. Pepper’s Lonely Hearts Club Band”, “Abbey Road”, Nirvana’nın “Nevermind”, David Bowie’nin “Aladdin Sane”, müasir dövrdə isə Kendrick Lamar’ın “To Pimp a Butterfly”, Tame Impala “Currents”, Travis Scott “Astroworld”, Rihanna “Anti”, Kanye West “Yeezus” kimi albom üzlüklərini ikonik nümunə kimi göstərmək olar. 

Zaman-zaman trendə düşən dizaynlar da vardır misal, hip-hop sənətçilərinin üzlüklərə öz uşaqlıq şəkillərini yerləşdirməsi: Nas, Drake, Lil Wayne, Zayn Malik (hip-hop’a janrından deyil), Kendrick Lamar və s. kimi tanınmış nümunələri göstərmək olar.

Ölkəmizin albom üzlüyü tarixi isə bir az daha kasaddır. Təbii ki, artan bir istiqamətdə irəliləsə də əvvəlki dövrlərdə bu cür işlərin sayı bir əlin barmaq sayını keçmirdi. Yaxın dövrdə üzlüklərin böyük hissəsi daha çox səsyazma studiyasının ifaçıya verdiyi dizaynla yekunlaşırdı. Bu dizayn isə sadəcə ifaçının şəklindən və informativ mətnlərdən ibarət olurdu. Fərqlilik yaradan və yeni bir axına imza atanlar da var idi. Misal olaraq Dəyirmənı və Elşad Xoseni göstərmək olar. Daha sonrasında H.O.S.T qrupunun və onun üzvlərinin ayrılıqda yaratdığı albom üzlükləri görülən işin ayrı bir səviyyəyə keçid almasını təmin etdi. Xüsusən H.O.S.T musiqidə dizayn cəhətdən ən çox yeniliklər edən bir axın olmuşdur. Albom üzlükləri, səhnə və geyim dizaynları, afişalarıyla musiqi ilə dizaynı möhtəşəm şəkildə birləşdirməyi bacardılar. Onlardan sonra gələcək ifaçılar üçün isə keçilməsi çətin bir sədd qoydular.

Müasir dövrdə isə fərqli yanaşma edənlər arasında yenə də hip-hop janrının açıq üstünlüyü var. Bəlkədə bu hip-hop’un təbiətinin asi və üsyankar olmasından irəli gəlir. Müəyyən çərçivədən çıxmaq və azad olmaq nə də olsa hip-hop’a xas xüsusiyyətlər sırasındadır. Yeni dövrdə albom üzlükləri ilə seçilənlər siyahısında daha çox Synaps Production və Mad House kimi label’ların üzvləri var.

Musiqi olduqca şaxəli və göründüyündən daha da dərindir. Səbəbi isə daxilində yaradıcı insanın çox olmasıdır. Çünki musiqi ruhu, ruh da yaradıcılığı qidalandırır. Sadəcə bu qədər..

0