Coke’n Music | Coke və Musiqi

Bu yayın ən rəngarəng kampaniyalarından biri də Coca-Cola şirkətinin həyata keçirdiyi “Coke və Musiqi” kampaniyasıdır. Musiqi, dizayn və innovasiyanı özündə cəmləşdirən kampaniya keçirildiyi müddət ərzində iştirakçılara müxtəlif hədiyyələr (Samsung Galaxy s10, mini səsucaldıcı, qulaqlıq, Coca-Cola 500ml içəcəyi) qazandıracaq. Kampaniyanın necə keçiriləcəyi və hansı şərtlərinin olduğunu bu linkə keçid edərək öyrənə bilərsiniz. İndi isə gəlin bizə daha çox maraqlı olan məsələyə, dizayna baxış keçirdək.

Öncəliklə bir nüansı qeyd etmək lazımdır ki, bu kampaniya digərlərindən bir az daha fərqlidir. Buna səbəb isə kampaniyada tətbiq olunan innovasiyadır. Beləki Coca-Cola içəcəklərinin üzərindəki etiketlərin (label) aşağı hissəsi açılaraq qoparıla bilir. Əgər xatırlayırsınızsa Coca-Cola şirkəti 2015-ci ildə (yeni il ərəfəsində) Böyük Britaniyada limitli şəkildə xüsusi etiketli məhsullar buraxmışdı. Bu məhsulların fərqləndirici özəlliyi isə arxasındakı hissənin qoparılaraq, dartıldığı zaman etiketi hədiyyə lentinə çevirirdi. 

Bu il baş tutan kampaniyada innovasiya baxımından ona yaxın bir üsul istifadə olunub (etiketlər Ruminiyada hazırlanılıb). Bu arada etiketin qoparılan bu hissəsinə şirkət “bilərzik” adını verib. Səbəbi isə çox sadədir – bilərzik şəklində aksesuar kimi istifadə oluna bilir. Bu bilərziklər sadəcə 500ml Coca-Cola Classic və Şəkərsiz məhsullarında mövcuddur. Bəs bu bilərzik nə üçündür? Bilərziyin altındakı kodla hədiyyə qazanmaq şansı əldə edirsiniz.

Bəs nəyə görə bilərzik və nəyə görə aksesuar şəklində istifadə nəzərdə tutulub? Bizim fikrimizcə layihənin adından göründüyü üzrə şirkət ölkədə gənclər arasında musiqi və festival ruhunu daha da qabartmaq istəyir. Bunu istər kampaniyanın konseptində, istər hədiyyələrdə, istərsə də kampaniya müddətində müxtəlif məkanlarda keçirilən aktivasiyalarda görmək olar. Əslində Coca-Cola uzun zamandır ki, gənclər üçün lifestyle işlər görür. Rəngarəng brend geyimlərini, aksesuarları, tətbiqetmələri (misal olaraq İlk İçiləbilən Reklam) və s. nümunə göstərmək olar. Mövzusu açılmışkən “İlk İçiləbilən Reklam” nədir onun haqqında da biraz məlumat verək. Coca-Cola 2015-ci ildə həyata keçirdiyi bu layihə olduqca maraqlı və innovativ idi. Televizorda, radioda, yol reklamlarında, promouşn məhsullarında bir sözlə Coca-Cola reklamını gördükdə sadəcə ağıllı telefonunuzu istifadə edərək pulsuz şəkildə onu içə biləcəksiniz deməkdir. Sizin edəcəyiniz tək nüans isə reklamın səsin eşitdikdə sadəcə Shazam-lamaq və ya reklamı gördükdə tətbiqetməni açaraq Coca-Cola’nın ekranızdakı stəkana dolmağını təmin etməyinizdir. Bu qədər. Budur pulsuz məhsulunuz hazırdır. İçərək sərinləyə bilərsiniz 🙂 Bununla şirkət bir növ gənc nəslin nəbzini tutmağa çalışır. Çünki ən son innovasiyalar, hər gün dəyişən geyim stili, fərqli xasiyyətləri ifadə edən rənglər, musiqi və əyləncə bunlar hamısı gənc nəslin maraq dairəsinə daxildir. 

Coca-Cola dedikdə dizayn baxımından hər kəsin ağlına gələn ilk şey spesifik qırmızı rəngdir. Amma başda da qeyd etdiyimiz kimi bu kampaniya rəngarəngdir, yəniki bilərziklərimiz sadəcə qırmızıdan ibarət deyil. Qırmızıya alternativ olaraq 5 fərqli rəngimiz mövcuddur. 

Hər bilərziyin üzərində fərqli musiqi elementləri və fərqli musiqi janrlarının təbiətinə uyğun personajları görə bilərik. Təbii ki, bu dizaynda Coca-Cola loqosu, ikonik Coca-Cola şüşəsi də yer almaqdadır. İkonik şüşənin musiqi alətlərinə uyğunlaşdırılması isə bir digər diqqətcəlbedici nüanslardan biridir. Loqo isə iki personaj, musiqi elementlərindən ibarət bir illustrasiyadan və “Coke və Musiqi” yazısından ibarətdir. Loqonun inversiyası zamanı isə sadəcə yazıtipinin rəngində dəyişim baş verir. Yazıtipini dəqiq bilməsək də böyük ehtimalla Blur Pro və ya Blur yazıtipi ailəsinə aiddir. Qulaqlıq və mini səsucaldıcılar üçün hazırlanmış qutular isə Coca-Cola, Coke və Musiqi loqolu sadə dizaynla bəzədilib. Səsucaldıcı qutusunun ön hissəsində fərqli olaraq musiqi frekansını əks etdirən bir vizual da mövcuddur.

Keyvisual dizaynına gəldikdə isə bizi daha çox kampaniyanın məzmunu və elementləri qarşılayır. Bir nüansı qeyd etmədən keçməyək, ölkəmizdə çox dizaynerlər keyvisual ilə poster dizaynını termin olaraq bir-birilə qarışdırırlar. Oxşarlıq çoxdu, fərq isə daha çoxdur. Misal olaraq keyvisual daha sadə, anlaşıqlı (nəzərə alsaq ki, Coca-Cola’nın bu kampaniyasında informasiya çoxdur), fərqli stildə, rahat şəkildə fərqli platformalara uyğunlaşabilmə, hədəflənən kütləyə xitab edən bir dilə sahib olması (adındakı “key” sözü məhz bunu nəzərdə tutur) və s. kimi xüsusiyyətləri vardır.

Coca-Cola kimi müəyyən standartları olan bir şirkət belə yeri gəldikdə gənc nəslin dinamik ruhuna uyğun asi dizaynlar edə bilir. Bu arada dizayn McCann İstanbula aiddir. Bəzən standartlardan kənara çıxmaq onu qorumaqdan daha da çətindir. Amma fərqli elementləri qataraq onları harmanlayıb bir layihə ortaya çıxardıqda isə sadəcə afərin düşür.

0