BOLT / TAXIFY

Martın 7-si Taxify həm adını həm də loqosunu yeniləyərək “rebrendinq maratonu”-na qoşuldu. Əslində gözlənilən bir yenilik idi çünki əsas rəqibləri artıq çoxdan bu “maratonun” iştirakçısı olmuşdu (“Ey Taksi! Uber Redizayn” adlı məqaləmizi buradan oxuya bilərsiniz). Taxify avropanın nəqliyyat xidməti göstərən aparıcı şirkətlərindən biridir. 30 ölkədə 25 milyondan çox istifadəçiyə sahib olan bu start-up artıq vizyonlarının dəyişməsi ilə əlaqədar olaraq ilk növbədə adlarını sonra da loqolarını yenilədilər.

Bəs nəyə görə məhz “Bolt”? Şirkətin direktoru Markus Villig çıxışında yeni adını məhz bu şəkildə izah edib: “5 il öncə Taxify-ın məqsədi şəhər daxilində nəqliyyat xidmətini daha rahat və sərfəli etmək idi. İlk xidmətimiz də şirkətə adını bəxş edən taksilər idi.” Qeyd edək ki, Bolt artıq sırf taksi xidməti deyil başqa nəqliyyat xidmətləri də göstərəcək. “Məqsədimizdə irəlilədikcə şirkətin adında və müəyyən hissələrində dəyişikliklər etməyə başladıq. Yeni adımızı Bolt – sürətli, zəhmətsiz deməkdir…” deyə sözlərinə əlavə edib.


Gələk əsas bizi daha çox maraqlandıran məsələyə – loqo və korporativ kimlik. Tam olaraq ümumi təqdimat ilə tanış olmasaq da əldə etdiyimiz dizaynlarla müəyyən qədər analiz etməyə çalışacağıq. Yeni loqo sans-serif yazı tipində olan “Bolt” yazısından və “o” hərfinin aşağı hissəsinə yerləşdirilmiş dairədən ibarətdir. “O” hərfinin daxilindəki və xaricindəki dairələr gedişi əks etdirən məkanlar olaraq vurğulanıb. Əsas rəng çalarları isə yaşıl və ağdır. Bolt bundan sonra scooter xidməti də göstərəcəyindən ya təmiz ətraf-mühit devizini göstərmək üçün ya da güvən verdiyini bildirmək üçün yaşıl rəngdən istifadə edib. Bu arada loqo şirkətin daxili dizayn komandası tərəfindən hazırlanılıb. Əvvəlki loqo isə sırf taksi xidmətinə aid və olduqca dövrün gerisində qalırdı. Bir loqoda həm məkan, həm də taksi xidməti ayrı ayrı simvolizə edilmişdi. Yeni loqo daha sadə və premiumdur. Amma əvvəlki loqonun bir özəl xüsusiyyəti var idi ki, ilk baxışdan Sizə həm adı, həm də loqosu ilə nə təklif etdiyini bəlli edirdi.

Reklam posterləri isə olduqca sadədir. Sadəcə loqo və şəkil. Vurğulanan əsas məqamlar – müştəri və müştərini əmin əllərdə gedəcəyi məkana təslim edən sürücülər, gediləcək gözəl məkanlar və xidmətlərdir. Adamlar “çərçivəyə yox içindəkinə baxın” deyir qısaca 🙂 Tətbiqetmə dizaynında isə daha çox yaşıl, ağ, qara (və çalarları), az da olsa sarı və göy rəngdən istifadə olunub və kiçik dəyişikliklər edilib.

Bütün bunları cəmləyib Bolt’un gözəl bir iş ərsəyə gətirdiyini deyə bilərik. Təbii ki, dizaynın dizayn studiosu tərəfindən edilmədiyini, korporativ kimliyə geniş zaman və dərinlik verilmədiyini, əvvəlki loqonu göz önünə gətirərək nəzərə alsaq. Çünki Uber hər şeyi kiçik detallarına qədər düşünmüşdü. Hər halda Uber’in loqosu və korporativ kimliyi ilə yan-yana qoyulası bir dizayn gözləyirdik.

0