BİR YENİ BRIEF’İNİZ VAR!

“Bizim bir dostun obyekti var ora üçün loqo lazımdı, edə bilərsən?”. Biz olsaq yox deyərdik. Eqodan və ya ödəniş olmayacaq deyə deyil. Sadəcə düzgün brief (tapşırıq) verilmədiyi üçün. Azərbaycandakı “brief”-lərin böyük hissəsi bu cür olur. Natamam və qısıtlı informasiya. Fərq etməz böyük müəssisə və ya kiçik, qlobal və ya lokal əsas odur ki, bir brief bir task olsun ona uyğun dizayn edilsin. Çünki əks halda dizayner və müştərinin arası dəyir və ya uzun uzadı yazışmalar olur ya da ən əsası proses həddindən artıq uzanır. Bu hal isə iki tərəfə də maddi və mənəvi ziyan vurur. “Axı müştəri brief/task nədir bilmir? Mən necə ondan brief istəyim.” O zaman müştəriyə kiçik suallar verərək brief’i özünüz hazırlayın.

1. ŞİRKƏTİN LOQOYA NİYƏ EHTİYACI VAR? Yeni mi yaranıblar? Mövcud loqonu bəyənmirlər? Rebrendinq lazımdı? Yoxsa loqo aid olduqları bazara uyğun deyil? İdarəetmə dəyişib? Yeni məhsul? Ya da ən kritiki şirkət istiqamətin dəyişir. Bunu öyrəndiyimiz zamanı işin böyük hissəsini həll etmiş oluruq. Bu bizə biref’in təməlin qurmağa və dizaynda düzgün istiqamət seçməyimizə kömək edəcək. Çünki yeni yaranmış bir şirkətə loqo hazırlarkən daha rahat yadda qalması və sürətli oxunması kimi amillər, bazarda yer etmiş bir şirkətə isə daha çox brend tərzində və daha “ağıllı” bir loqo gərəkli olur.

2. ŞİRKƏT NƏ EDƏCƏK? Hansı xidmətləri var və ya nə istehsal edir? Potensialı nədir? Misal neft şirkətidir neft ixrac edir amma gələcəkdə neft emalından alınan məhsullar da sata bilər. Bir növ şirkətin real və gələcək potensialını öyrənirik.

3. HƏDƏF KÜTLƏSİ KİMLƏRDİR? Bu müddəa da ən əsaslar içərsindədir. Çünki dizayn şirkətin aid olduğu və ya xitab etdiyi kütləyə uyğun dizayn edilməlidir. Ən əsası bu dizaynla onların sevgisin qazanmalıdır. Bundan əlavə olaraq bu gələcəkdə yaradacağınız reklam və PR kampaniyalarının da özəyin təşkil edəcək.

4. UZUN MÜDDƏTDƏKİ VİZYONU, MƏQSƏDİ NƏDİR? Bir sual var interview’larda tez-tez soruşulan “5 il sonra özünüzü harda görürsünüz?” Bu bölmə tam da ona sinonimdir. Şirkətin gələcəkdə hansı sahələrda olacağı və ya istehsalında dəyişiklik olub olmayacağını, bir sözlə nə qədər effektiv böyüyəcəyini bilmək lazımdır. Çünk şirkət ola bilsin ki, bu gün ölkəmizdə fəaliyyət göstərir 3 il sonra MDB’də və ya başqa ölkədə. O zaman Siz şirkətin loqosunun bir yerinə ölkələrin adların yazaraq, loqo adaptasiyaları etməlisiniz. Bəs Siz onun üçün yer saxlamısınız mı? Əgər şirkət bu vizyon haqqda Sizə deməyibsə bu zaman sıxıntı yaşanır.

5. RƏQİBLƏRİNİZ KİMLƏRDİR? Bazarda kimlər var? Nə edirlər? Hansı məhsulları var, necə rəqabət edirlər? Məhsul dizaynları və ya loqo, rəng seçimləri necədir? Bunlar da ümumi dizaynın formasın bəlirləyən amillərdir.

Hətta bu briefi daha da uzatmaq olar və bəzi ajanslarda qərarsız müştərilərə fərqli tərzdə olan loqolar və rənglər göstərilərək (bəzən font tərzində) müştərinin zövqün anlamağa çalışırlar. 

İndi deyə bilərsiniz: “Bir kiçik obyektə görə bu qədər əziyyət?” Kiçik, böyük deməyin şirkət kiçik ola bilər Sizin etdiyiniz iş isə böyükdür. Bu prizmadan yanaşın. Çünki ölkəmizdə bu işə dəyər verilmir sadə bir şey olduğu düşünülür. Çünki brief verilmir, araşdırma edilmir və loqo hazırdır. Deməli asandır. Deməli tez başa gəlir. Deməli dizaynın qiyməti də ucuz olmalıdır. Dizayn qiymətləri isə növbəti məqaləmizin mövzusudur…

0