AZERBAIJAN DESIGN AWARD

2 mart tarixində Azərbaycanda ilk dəfə olaraq müxtəlif dizayn bölmələri üzrə ən yaxşı dizaynerləri seçən “Azerbaijan Design Award” tədbiri baş tutdu. Bu tədbir Azərbaycanda dizayn sahəsində atılmış əvəzolunmaz addımlardan biriydi. Çünki yarışmaya qatılan dizaynerlər öz işləri ilə ölkəmizdə bu sahənin inkişaf etdiyinə və yetərli qədər istedadlı gənclərin olduğunu əyani şəkildə sübut etdilər. Buna görə komandamız adından təşkilatçılara və iştirakçılara sonsuz təşəkkürlərimizi bildiririk. İndi isə keçək yazacağımız hissəyə. BU YAZI TƏNQİDİ VƏ YA HƏR HANSI BİR ŞƏKİLDƏ MƏNFİ QƏBUL EDİLƏCƏK BİR TƏRKİB BARINDIRMIR. Sadəcə tədbirin dizayn hissəsi ilə bağlı bizi təəssüfləndirən hissələri qeyd etmək istəyirik. Sadəcə bu qədər. BU YAZI HEÇ BİR ŞƏKİLDƏ TƏDBİRİN TƏŞKİLATÇILARINDA RUHDANDÜŞMƏ VƏ QƏRƏZLİ MÖVQE YARATMAMALI VƏ NÖVBƏTİ İL TƏŞKİL OLUNACAQ TƏDBİRİN DAHA DA MÜKƏMMƏL OLMASINA DƏSTƏK OLMALIDIR.

Öncəliklə tədbirin loqo və korporativ kimliyindən başlamaq istərdik. İlk dəfə loqonu gördüyümüzdə müəyyən bir qəlibə oturtmaq istədik lakin alınmadı abstract bir şəkildə gedildiyini düşündük. Sarı kvadrat daxilində minimalistic bir “A” hərfi. Mükafat verən tədbirlərin loqoları çox zaman sadə olur, buna səbəb mükafat forması rahatlıqla hazırlana bilinsin deyədir (OSCAR, Grammy, Karlovy Vary və.s bunlar müəyyən standarta və kökənə sahib olduğu üçün bu cür tədbirlərdə mükafatlar o dərin mənaya bağlanılır). Amma sonda mükafatlanmada bunun şahidi olmadıq mükafat beşbucaqlı bir formada idi.

Korporativ kimlik isə bizi ən çox təəssüfləndirən hissələrdən biri idi. Münsiflərin təqdim olunması ilə bağlı hazırlanmış postlarda yazılar bir-birlərinə yaxın (bəzən də birləşik) və onlara ayrılmış sahədən çıxmış şəkildədir. Bəzi münsiflərin çalışdıqları şirkətlərin *png loqolarını tapmadıqları üçün bəyaz fonlu loqolardan istifadə edilməsi, korporativ kimliyin sadəcə abstract “A” hərfinin uzadılmış halı ilə hazırlanmış elementindən ibarət olması, iştirakçıları tanıtmaq üçün tədbirdə olan fotolarda mətn font ölçülərinin eyni olmaması, dizayn işlərini izah edən mətnlərinin fərqli-fərqli dillərdə olması (hətta bir mətndə iki dilin birdən istifadəsi), dizayn bölmələrinin adları Azərbaycan dilində olduğu halda “Print və Outdoor” bölməsi bu şəkildə yazılması və.s (ya “Print and Outdoor” ya da “Dərc və Məkanxarici Dizayn”). Bunlar qlobal problemlər deyil düzdür razıyıq amma bu hər hansı bir tədbir olsaydı bəlki də gözardı ediləcək məqamlar olardı. Amma Siz bir dizayn tədbiri edirsinizsə bu nüanslara mütləq nəzər yetirməlisiniz. Çünki qonaqlar və iştirakçılar dizayn dünyagörüşünə sahib kəslərdir.

Bundan əlavə nəzərimizə dəyən bir nüans illustrasiya bölməsində yarışan Urfan Məmmədovun işi (Layihə eskizləri) əslində bölmə ilə əlaqəsizdir. Çəkilmiş layihə eskizləri illustrasiya bölməsində mübarizə aparırdı. Bu isə o iş üçün doğru bölmə deyildi. İş illustrasiya formasında olsa da ümumilikdə “Məkandaxili və Məkanxarici / İnteryer & Eksteryer” dizayn bölməsinə aid idi. Bu korporativ kimlik üçün hazırlanmış bir sayt nümunəsini “Loqo və Korporativ Kimlik” bölməsindən çıxardıb “Web Dizayn” bölməsinə daxil etmək kimi bir şeydir.


Görününür ki, iştirakçılar “Addım-Addım Dizayn 1 | Təqdimat – Paul Rand Nümunəsində” adlı məqaləmizi oxumayıblar. Məqaləmizlə tanış olub təqdimat zamanı nə etməli olduqları ilə qısaca yaxından tanış olmalıdırlar. Çünki o yazımızda dizayn təqdimatında dizayn haqqındakı yazıya da yer vermişik. Bunu qeyd etməyimizin səbəbi isə dizayn işlərində bir cümlədən ibarət ya da mövzunu əhatə etməyən mətnlərlə qarşılaşmamız oldu.

Bir məqam isə sertifikatlar da bölmələrin və qalibin adlarının qələm ilə yazılmasıydı. Adın son anda təyin olunması və ya müəyyən səbəblərə görə dəyişdirilməsindən dolayı qələmlə yazılmasına müəyyən miqdarda haqq qazandırmaq olar amma bölmələr axı onlar tədbirin əvvəllərindən təyin olunmuş onlar niyə qələmlə yazılsın?

Bizim deyəcəklərimiz bu qədər, ümidvarıq ki, kimsənin xətrinə dəymədik məqsədimiz tamamən fərqlidir. İstəyirik ki, artıq ölkəmizdə dizayn “yola ver getsin” şəklində deyil daha dəqiq, diqqətcil, dizayn qramatikasına əsaslanan bir şəkildə tanıtılsın və inkişaf etdirilsin. Necəki tədbir zamanı yayımlanan “United Design School” videoçarxının necə də gözəl və əsl dizayn stilində olduğu kimi. Niyə də yox? Çünki onu xaricilər edib? Əgər “bizimkilər” edibsə bəs bu tədbir üçün niyə bir yol göstərilməyib?…

Qaliblər:

1. İllustrasiya – Vüsalə Zeynallı

2. Sənaye – Ayla Mirzəzadə

3. Qablaşdırma – Rahib Məmmədov

4. Print & Outdoor – Mirelvin Məmmədhəsənli

5. Veb dizayn – Kamran Mədətli

6. İnteryer & Eksteryer – Ayaz Bağırov

7. Tətbiqetmə – Amal Əlili

8. Brendinq – Ramin Həsənəlizadə

0