ART. LEBEDEV | DƏLİ YOXSA DAHİ?

Art. Lebedev dizayn studiosunu tanıyırsınızmı? Əgər cavabınız “yox!”-dursa onda vaxt itirmədən www.artlebedev.ru saytına giriş edib işlərlə tanış olun və daha sonra məqaləni oxumağa davam edin.

Art. Lebedev dizayn studiosu Rusiyanın ən məhşur studiosudur desək yanılmarıq. Adını elə öz yaradıcısı olan Artemiy Lebedev-dən alan bu studio dünya miqyasında bir şirkət nə edirsə onlar da bunu edir. Amma biraz fərqli… Biraz da qəribə… Niyə məhz belə dediyimiz birazdan Sizlərə tam şəkildə aydın olacaq.

Qısaca olaraq Lebedevin əsas uğuru SSRİ’nin dağılmasından sonra yaranan yeni dövlətin qlobal arenaya qoşulmasından başladı. Beləki internet dünyasına giriş, qloballaşma öz müştərilərini və dizaynın çiçəklənməsinə gətirib çıxardı. Uzun uzadı bioqrafiyaya yer verməyəcəyik sadəcə Wikipedia’da olmayan məqamları qeyd etmək istədik.

Məhşur və lider studio olmaqlarına elədirlər amma ən çox tənqid alan, müştəri ilə problem yaşayan və çox dizaynlarının pis olmasına baxmayaraq necə “sükanı belə saxla”ya bilirlər? Necə olur ki, bu qədər neqativ olmasına baxmayaraq dizayn qiymətləri və Lebedevin bloqundakı reklam qiymətləri yüksək qala bilir? Necə olur ki, bu qədər kəskin yazan və hər şeyi gün işığında saxlayan biri və studiosu böyüdükcə böyüyür?

Öncə qiymətlər ilə tanış olaq (bu arada Lebedevin şəxsi bloqu var burada o çox kəskin və tənqidi yazılar yazır). Reklam qiymətləri saytda 260 min rubl ≈ 7176 manat, facebook üzərində isə 80 min rubl ≈ 2208 manatdır. O deyir ki, sosial şəbəkələrdə və saytda reklam vermək dizayn etməkdən daha çox gəlir gətirir. Dizayn qiymətlərinə gəldikdə isə əgər Siz Express paketini seçsəniz bir gün ərzində loqonuz, korperativ kimliyiniz hazır olur amma heç bir düzəliş və ya şərh vermə haqqınız olmur. Yəni “nə verdim qəbulundur” prinsipi. Bu paketin qiyməti 100 min rubl ≈ 2760 manatdır. Əgər adi paketləri seçsəniz o zaman işin həcminə görə qiymət 1 milyon rubl ≈ 27600 manatdan (başlanğıc qiymət) 5 və 10 milyon rubl’a (≈ 138 000 / 276 000 manat) qədər uzana bilir. Studionun etdiyi ən yüksək məbləğli dizayn isə 70 milyon rubl ≈ 1 932 000 manat dəyərindədir. “Niyə belə uçublar?” deyər kimi oldunuz … Lebedev deyir ki, əslində qiymətlər baxa deyil. Dizayn ucuz bir şey deyil. Dizayner ideyalar fikirləşir, fərqli variantlar edir, korperativ kimlik yaradır ki, burada hər şeyinə qədər hazırlanılır: video animasiya, istifadə qaydaları, variasiyalar (variations) və.s

John Fedor adlı burger restoranı üçün hazırlanan skandallı loqo.

Gələk indi isə əsas problemli suallarımızın cavabına: Niyə və Necə?! Əsas məsələ Art. Lebedevin ilkin dizayn şirkətlərindən olmasıdır. Bu isə öz növbəsində vaxtında dövlət müəssisələrinə və qurumlara etdiyi işlərin nəticəsində dövlətdə studiyaya qarşı yaranmış simpatiyadır. İkinci bir məsələ studionun dövlət qurumları ilə bir növ monopoliya yaratdıqları kimi bir şaiədə mövcuddur. İri layihələr studiyaya ötürülür (tenderin qalibi seçilərək) və ordan müəyyən gəlirin yenidən qurumun sahibinə qayıdır. Amma ən əsas səbəbi isə Lebedevin olduqca ağıllı olmasıdır. Fikir vermisinizsə Art. Lebedev studiosunun bir çox loqo və dizayn işi olduqca zəifdir. Nəticədə sosial şəbəkələrdə və ya dizayn forumlarında insanlar bu dizaynlarla zarafatlaşır, memlər hazır edir, comment üzərinə comment yazırlar. Bu isə kobra effekti yaradır və studionu gündəmdə saxlayır bir növ anti-PR, PR-a çevrilir. Göz önündə olurlar. Lebedev isə bunları göstərir, zarafatları bəyənir və.s bloqonu, studiosunu daim aktiv şəkildə istifadə edir. Nəticədə müştərilər ən çox tanınan, gündəmdə olan, adı tez-tez eşdilən Art. Lebedev studiosunu seçir. Bəlki mənə express paketdən yaxşı bir loqo çıxar ümidilə 100 mini stolun üzərinə qoyurlar. 

Əslində Lebedevi zəif bir studio kimi qələmə vermək qətiyyən olmaz. Studionun və Lebedevin gördükləri möhtəşəm işlər çoxdur. Sadəcə bəzi loqolar və dizaynlar zənnimizcə daha çox gəlir gətirmək yolunda qurbandır. Nə də olsa Lebedev dizayner olmaqla yanaşı həm də biznesmendir… Bundan da əlavə bəlki də Art Lebedev studiosu orjinal loqo müstəvisində yeni bir qapı açmaq ərəfəsindədir. Çünki onların hazırladıqları loqolar sözün əsl mənasında əvəzsizdir.
0